
BİR SEVDA AĞLAYIR.
Gəl dedim köksümə yaralı düşdü.
Əl açdım əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü.
Bir sevda ağlayır içimdə mənim...
Qədri bilinmədi,
Ömr qırıldı,
Həsrət boyun bükdü,
Hicran yoruldu,
Bir sevda ağlayır içimdə mənim...
Min gül solduranlar,
Min gül dərdilər.
Yüngül çiçəkləri
Yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər
Bir sevda ağlayır içimdə mənim...
Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim...
Bacara bilmədim özüm-özümlə,
Dil tapa bilmədim işim sözümlə,
Mənim fəryadımla,
Mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim...
Mənim daş daşıyan o məhəbbətə,
İtmiş daş-qaşıyam o məhəbbətə,
Özüm başdaşıyam o məhəbbətə.
Bir sevda ağlayır içimdə mənim...
Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm biləndə də,
Üzümə baxmayın,
Mən güləndə də
Bir sevda ağlayır içimdə mənim...
Nüsrət Kəsəmənli
Комментариев нет:
Отправить комментарий