четверг, 18 сентября 2008 г.

Mənim Xilaskarım


Düşməni sevməyi öyrədir bizə,
Qonşunu sevməyi öyrədir bizə,
Allahı sevməyi öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.

Çıraqtək yanmağı öyrədir bizə,
Nurda yeriməyi öyrədir bizə
Yamanlıq edənə edib yaxşılıq
Qələbə çalmağı öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.

Çətinə dözməyi öyrədir bizə,
Təhəmmül etməyi öyrədir bizə,
Bizi lənətləyən hər bir insanı
Ürəkdən sevməyi öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.

Xeyirxah olmağı öyrədir bizə,
Səbirli olmağı öyrədir bizə,
Həm qəmli, həm də şən günlərimizdə
Şüktranlıq etməyi öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.

Xilqəti sevməyi öyrədir bizə,
Saflığı sevməyi öyrədir bizə,
Vəsiyyət edibən hər birimizə
Qardaşı sevməyi öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.

Ataya-anaya hörmət etməyi,
Göyərçintək məsum olub həyatda
Müqəddəs Kəlamla, Müqəddəs Sözlə
Oturub-durmağı öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.

Qarşımızda gedən nurlu Mayaqsan,
Hər an, hər dəqiqə bizə hayansan,
Başımızın tacı, dərdin əlacı
Əsrlər Soltanı mənim Allahım.
Kəlamın nemətdir, Kəlamın qüdrət
Kəlamın ürəyə gücdür, qüvvədir
Hər sözün bir inci, hər sözün həyat
Həyat mehrabını öyrədir bizə
Mənim Xilaskarım, mənim Allahım.

Ucasan, hamıdan ucasan, Rəbbim!
Ucalıq sirrini öyrədir bizə
Göylərin nemətin, göylərin varın
Padşahlıq sirrin öyrədir bizə
Mənim Xilaskarım mənim Allahım.

Söylə, varmı sənin yaxın yoldaşın?
Söylə, varmı sənin yaxın yoldaşın?
Varmı ürəyinə yaxın sirdaşın?
Varmı bu dünyada vəfalı dostun?
Varmı heç qəlbini duyan həmdəmin?
Varmı heç qəlbinə yaxın təbibin?

Axtarma onu sən, tapmazsan, inan.
Tapmazsan qəlbinə yaxın yoldaşı,
Tapmazsan qəlbinə yaxın sirdaşı.
Axtarma dostu da fani dünyada
Dostluğu da fani, yoldaşlığı da,
Məhəbbət də fani, sevgi də fani.
Fanidir, hər şeyi fanidir onun.
Bir çiçək kimidir, keçib gedəcək
Bu dünya şöhrəti, dünya izzəti
Bir buxar kimidir, ötüb keçəcək
Dünyanın surəti, dünyanın üzü.
Rəbb Allahını sev sən ürəyinlə,
Sev bütün canınla, sev nəfəsinlə
Ondadır əbədi, sonsuz bir həyat
Məhəbbət əbədi, sevgi əbədi.
Tərk etsə də səni yaxın yoldaşın,
Tərk etsə də səni yaxın sirdaşın,
Heç vaxt tərk etməz ol Rəbbin səni,
Heç vaxt yetim qoymaz ol Tanrım səni.
Odur ürəyini duyan həmdəmin,
Odur ürəyinə yaxın təbibin.
Rəbb Allahın sev sən ürəyinlə,
Sev bütün canınla, sev nəfəsinlə

Комментариев нет: