среда, 4 июня 2008 г.

Qadin ureyi

Necə rəhmlidir necə amansız
Necə mehribandır Qadın ürəyi!
Sən onu sındırsan bilki a qansız
Ağlayan kamandır Qadın ürəyi

Güldürsən ömürlük səadətindir
Söndürsən yanmağı bir də çətindi
O əsl qayğının, məhəbbətindi
Sevgisiz zindandı Qadın ürəyi

Daşı da əridər, daş da olar o
Əriyib gözlərə, yaş da olar o
Bahar da olar o, qış da olar o
Damladır, ümmandır Qadın ürəyi

Onunla dünyadır sənə qəfəs də
Onsuz heç yaşama bu torpaq üstə
Sevən bir ürəyə axır nəfəsdə
Ən gözəl dərmandı Qadın ürəyi

Onu ağladan da, ucaldan da biz
Dərd verib vədəsiz qocaldan da biz
Qədrini biləndə bu cahanda biz
Həmişə cavandı Qadın ürəyi

Bəzən gül tək solar acı bir sözdən
Ağlayar xəlvəti gülsən də üzdən
Bəzən uşaq kimi bir ürəksizdən
Məhəbbət umandır Qadın ürəyi

Bir namərd əlindən zəhər içəndə
Keçirər ömrünü o yas içində
Bəzən qiymətli bir libas içində
Nalədir, fəğandır Qadın ürəyi

Ömrə zinət verən səadət quran
Kişi ürəyini nurla dolduran
İsməti bir nəsli göyə qaldıran
Eşqə hökmrandır Qadın ürəyi

Комментариев нет: