вторник, 22 апреля 2008 г.

MƏNDƏN UZAQDASAN!

Məndən uzaqdasan,
Burda qar yağır,
Görən neyləyirsən məndən uzaqda,.
Qulağın səslənsə
adımı çağır-
Burda üşüyürəm isti otaqda.

Hər yan bir rəngdədir,
Başına ağ tac,
Qara ilə ağı gəl indi ayır.
Həyətdə boynunu əyən bir ağac
Uzaqda ağ donda sənə oxşayır.

Hər tərəf ağarıb-
Yaxşı da pis də,
Görən nə paltardı geyib təbiət?,
Bulud çiçəklənib başının ustə,
Göylərdə dərdinin deyib təbiət…

Arzular atlana, həsrət dağlana,
Ömür gün uzana yaş ötüşməyə…
Qar yağa,
Hicranın yolu bağlana;
Bir də ayrılığa gəlib düşməyə!..

Bağrımın başını göynətdin yenə,
Konlüm ayrılıqdan yox, küsən deyil.
Baharı məktuba qoy yolla mənə,
Məktubun gəlməsə qar kəsən deyil…

Məndən uzaqdasan,
Burda qar yağır,
Görən neyləyirsən məndən uzaqda…
Qulağın səslənsə,
adımı çağır-
Burda üşüyürəm isti otaqda…
İslam Türkay.

Комментариев нет: