среда, 23 апреля 2008 г.

CƏNNƏT ANALARIN AYAQLARI ALTINDADIR!!!





Ana
Ana dedim, ürəyimə yanar odlar saçıldı,

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.


Başqa aləm yaşamadım böylə gözəl biçimdə,

Onu kimsə gözəlliyin cilvəsində yaratmış;

Ana, ana... çiçəkli bir fidandır ki, içimdə

Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.
O fidanı bəzi vaqıt istiyorum çəkərək,

Qoparayım ürəyimdən, fəqət onda varlığım

Sızıldarkən, sanki bir səs qopub incə və titrək

Bir lisanla söyliyor ki: - Mənə dəymə, yazığım!

Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım.

Söylədiyin sözlər ki, var beşiyinin üstündə

Oxuduğum türkülərin kölgəsidir, övladım!

Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.

Nə doğru söz, yazıqlar ki, görməmişəm onu mən,

Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı.

Baban kimi soyuq əllər qucağına çəkərkən,

Yalnız acı fəğanların titrədirdi hər yanı.

İndi mənə hər kəs: - Anan, baban varmı? – söyləsə,

Diyorom ki, - qapılmadan bir xülyaya, bir hissə -

Olan olmuş, keçən keçmiş, indi məni yaşadan

Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.

İnandığım bir qiblə var, o da hər gün, hər zaman

Yorulmayan qollarımla, düşünərək yapdığım.

Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,

Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!


Mikayıl Müşfiq

Комментариев нет: